İrevan Tv
CANLI TV

Siyasət / Qərbi Azərbaycan
06 May 2024
11

Qərbi Azərbaycan İcmasından Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış



 

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb.


Ancaq Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhü təmin edə biləcək sözügedən razılaşmanın icrasına mane olan bir sıra provokasiya edici addımlar atırlar. Diqqət çəkən məqam budur ki, həmin proseslərdə Erməni Qriqorian Kilsəsinin dini xadimləri fəal rol alıblar. Bu din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.


İrevantv.com bildirir, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.


Bəyanatda, həmçinin bildirilib: "Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyi günlərdə Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir.


Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqorian Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırır".