İrevan Tv
CANLI TV

Cəmiyyət
04 May 2024
8

Gənc bioloqlar “Biz irəlidəyik” şüarını praktiki olaraq tətbiq etdi



 

İrəlidə olmağın təbiətdə harmoniya tapmaq olduğunu hər kəsə nümayiş etdirmək üçün Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bir qrup tələbəsi Abşeron Milli Parkında ekoloji aksiya keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili”nin cəmiyyətimiz üçün dəyərini çatdıran, ətraf mühitin mühafizəsinə dəstək olmaq üçün “Biz irəlidəyik” çağırışı ilə gəncləri həmrəyliyə səsləyən tədbir Abşeron Milli Parkının dəstəyi, BDU-nun Biologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub.


Aksiya çərçivəsində bioloqlar iqlim dəyişikliklərinin təsirlərinin azaldılması ilə mübarizədə sağlam həyatı və karbon emissiyalarının minumuma endirilməsinə çağırış edən veloyürüşə qoşulub.


Tələbələr antropogen təsirlərə, iqlim dəyişkliklərinin verdiyi ziyana görə azalma riski daşıyan flora növlərə diqqəti cəlb etmək üçün Abşeron Milli Parkında qorunan Bakı cuzqunu və Bakı gəvəni bitkilərinə baxış keçirib, mühafizə vəziyyəti ilə tanış olublar.


Gənclərin təbiətimizə qarşı həssas və qayğıkeş münasibətinin formalaşmasında ekoloji turizmin inkişafının vacibliyini nümayiş etdirmək üçün Şahdiliyə edilən yürüş də ekoloji aksiyanın bir hissəsi olub.


Gənc bioloqlar təbiətimizin mühafizəsinə dəstək üçün “Biz irəlidəyik” aksiyasını “Yaşıl dünya naminə həmrəylik ili”ndə digər milli parklarda da davam etdirməyi, eyni zamanda, bu işdə gənc nəslin həmrəyliyini təmin etməyi hədəfləyirlər.