İrevan Tv
CANLI TV

Cəmiyyət
31 May 2024
3

Xocalı sakini: "Əslində, bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar"



 

Xocalı şəhərində məskunlaşdırılan sakinlər doğma yurdlarına qayıdışın sevincini yaşayırlar.


"Report"un yerli bürosuna öz təəssüratlarını bölüşən Xocalı sakinləri bu qüruru və sevinci onlara yaşadan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Xocalıya ilk köçənlərdən biri olan Hümbətovlar ailəsinin xanımı Zeynəb Sadıqova deyib ki, şəhərə yenidən qayıdışın sevincini ifadə etmək çox çətindir:


"Əslində, bizi Qarabağa yox, Qarabağı bizə qaytardılar. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirir, ona uzun ömür arzulayıram. Dövlət başçısının gördüyü işlər bu gün bir millət olaraq hamımızın başını uca edib. Onun verdiyi əmr əsasında igid oğullarımız, mərd igidlərimiz bugünkü sevinci bizə yaşatdılar. Bütün Allah şəhidlərimizə rəhmət eləsin.


Bu gün yaşadığımız sevinci heç bir kəlmə ilə izah edə bilmərik. Kim deyə bilərdi ki, bir gün Xocalıda ola bilərdik? Düzdür, bizim xalq heç vaxt məğlub olmağı həzm edə bilməyib. Bu gün qürurla, fəxrlə deyə bilirik ki, Prezident İlham Əliyev kimi rəhbəri olan xalq ancaq qələbələrə layiqdir".


Həyat yoldaşının sözlərinə qoşulan Mahir Hümbətov da doğma yurdlarını qayıdışı təmin etdiyi üçün ölkə başçısına minnətdarlığını bildirib:


"Mən 23 yaşında Xocalıdan çıxmışam. Müharibə bizə çox yaralar vurub. Xalam və 13 yaşlı bacım şəhid olublar, qardaşım yaralanıb. Müharibə bizə elə yaralar vurub ki, o anları heç vaxt unutmaq olmaz. Bu müharibə bizim ömrümüzün bəlkə də yarısını aldı".


Xocalıya yeni köçənlərdən biri də Rüzgar Əliyevadır. Ölkə başçısına minnətdarlıq dolu ifadələrini böyük qürurla dilə gətirən R.Əliyeva bu torpaqda şəhid olan soydaşlarımızın da ruhunun şad olduğuna inandığını deyib:


"Xocalıda bizim rahat yaşamağımız, həm də burada şəhid olan əzizlərimizin ruhunun rahat olması deməkdir. Çox sevincliyəm, Allah Prezidentimizə uzun ömür, cansağlığı versin ki, bu xoş günləri bizə yaşatdı.


Bu gün Xocalıda, bu dağlarda, meşələrdə qanı tökülən, bu günlərin sevincini yaşamadan şəhid olanların ruhu şad olsun. Biz bu gün Xocalıya qayıtmaqla onların ruhunu daha da şad etdik. İşğaldan əvvəl burada beşotaqlı evimiz vardı, elə öz evimizi təmir edib verdilər. Prezidentimizə bir daha öz minnətdarlığımı bildirirəm".