İrevan Tv
CANLI TV

Cəmiyyət
06 İyun 2024
6

Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasından GÖRÜNTÜLƏR



 

2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən "Azərbaycan" yaşayış məhəlləsinin inşası davam edir.


APA xəbər verir ki, tikinti işləri bitdikdən sonra ümumi sahəsi 28,5 hektar olan bu ərazidə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi yerləşəcək.


Dörd mərtəbəli 71 yaşayış binalarında ümumilikdə 2, 3 və 4 otaqlı 1300 mənzil olacaq.


MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı açıqlamasında "Azərbaycan" yaşayış məhəlləsində tikinti işlərinin plana uyğun olaraq davam etdiyini bildirib.


Onun sözlərinə görə, ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 764 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək.


"Eyni zamanda, "Azərbaycan" yaşayış məhəlləsində parkla birlikdə ümumilikdə 14 hektar yaşıllıq zonası salınacaq. Sahəsi 3,5 hektar olacaq parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq", - Fərman Qurbanlı vurğulayıb.


Hazırda "Azərbaycan" yaşayış məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının, həmçinin məktəb və uşaq bağçasının tikintisi MİDA tərəfindən davam etdirilir. Yaşayış məhəlləsində inşa olunan məktəb 20 sinif otağından, uşaq bağçası isə 3 sinif otağından ibarətdir.


Tikintisi davam edən 4 kvartalda 26 yaşayış binası yerləşir.


"Azərbaycan" məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri hazırda tamamlanmaq üzrədir. Mərkəzin layihəsi hazır olduqdan sonra qısa zaman ərzində tikinti işlərinə başlanılacaq.