Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.
İrəvan Media Qrup a əsasən, Selvin Çarlz Hart BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salama görə minnətdarlığını bildirib, o da öz növbəsində Antonio Quterreşə salamlarının çatdırılmasını xahiş edib.
Eyni zamanda, xüsusi müşavir BMT-nin Baş katibinin Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətində olduğunu qeyd edib.
Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını bildirib.
Ölkəmizin başçısı vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi dünya ölkələri arasında iqlim dəyişiklikləri mövzusunda həmrəyliyin və birgə fəaliyyətin daha geniş aspektlərdən təmin olunmasıdır. Bütün dünya ölkələri kimi Azərbaycan da iqlim dəyişikliyinin mənfi təsirlərinə və nəticələrinə məruz qalıb. Belə ki, artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb. Cari ildə bu miqdarın artması müşahidə edilsə də, ümumilikdə Azərbaycan bu təbiət hadisəsindən əziyyət çəkir.
Azərbaycan Prezidenti vurğulayıb ki, Xəzər dənizinin suyunun çəkilməsi prosesi müşahidə olunur və bu da ciddi narahatlıq doğuran məsələdir.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz müsbət nümunəsi və yaşıl gündəliyi ilə iqlim dəyişikliyi prosesinə və iqlim fəaliyyətinə öz töhfəsini verir. Belə ki, neft və qaz ixrac edən Azərbaycan bu sahədən əldə olunan gəlirləri ölkənin tərəqqisinə sərf etməklə uğurlu inkişaf modeli yaradır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşıl keçidin formalaşdırılması qarşıya hədəf kimi qoyulub və ölkəmizdə beynəlxalq tərəfdaşların da iştirakı ilə böyük yaşıl enerji ixrac potensialının əldə edilməsi planlaşdırılır.
Prezident İlham Əliyev qeyd edib ki, bu günlərdə Azərbaycan, Özbəkistan və Qazaxıstanın Energetika və İqtisadiyyat nazirliklərinin birgə iştirakı ilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Xəzərin dibi ilə Azərbaycana ötürülməsi və buradan da Avropaya ixrac edilməsini təmin edəcək yeni layihənin əsası qoyulub.
Xüsusi müşavir vurğulayıb ki, COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və bunun üçün xüsusi işçi qrup yaradılıb. Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini qeyd edən Selvin Çarlz Hart təbii resurslardan əldə olunan gəlirlərin ölkəmiz tərəfindən sosial-iqtisadi inkişaf üçün effektiv şəkildə istifadə edildiyini bildirib və bu prosesi uğurlu nümunə kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycan, eyni zamanda, bu sahədə əldə etdiyi gəlirləri yaşıl enerji gündəliyinə sərf etdiyinə görə sözügedən mövzuda mühüm örnək sayıla bilər. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha ifadə edib.
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
"Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"
Prezident icra başçısını vəzifəsindən azad etdi
Hikmət Hacıyev: “Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir”
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə