İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan
22 Oktyabr 2024
18

Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu




Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.


Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər.


Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir.


Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.


Bir əsrlik ömrü saraylarda, səfərlərdə, həyatın ağrılı-acılı yollarında keçən Miskin Abdal əsrlərdən keçə-keçə rəvayətlərə, əsatirlərə büründü.


Miskin Abdalın həyat və fəaliyyəti ilə bağlı sağlığında və ya vəfatından sonra aşıqlar tərəfindən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır. Həmçinin, Miskin Abdalın özü tərəfindən Şeyx Heydər övladlarının acı taleyinə həsr olunmuş "Aslan şah və İbrahim" dastanı və "Yetim Hüseyn" dastanı yaradılmışdır.


"Miskin Abdal və Sənubər" dastanı şairin ömür yolundan bəhs edən məhəbbət dastanıdır. Dastanın ruhundan aydın duyulur ki, Miskin Abdal dünyasını dəyişəndən sonra bu dastan onun xalq arasında dolaşan şeirləri əsasında yaranmışdır.


"Şah İsmayıl və Miskin Abdal" dastanı isə öz ideya-bədii xüsusiyyətlərinə görə məhəbbət və qəhrəmanlıq dastanlarından fərqlənir. Bu dastanın süjetində real tarixi hadisələr dayanır.


"Aslan şah və İbrahim", eləcə də "Yetim Hüseyn" dastanları isə Göyçənin saz-söz ustadlarının söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.
Miskin Abdal öz dövründə "Abdal" ilə yanaşı "Pir", "Ata", Şeyx" kimi sufi titullarını da daşımışdır.


1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatı ilə əlaqədar bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır, orada ilk məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. Onun Zərgərlidə (Sarıyaqubda) açdığı ilk məktəb Göyçənin elm, irfan, sənət dünyasında mühüm rol oynayır. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs ocaq kimi uzun əsrlər ziyarət edilir.


Onun şəcərəsini yeganə oğlu Şadmanın ("ŞADMANLI" tayfası) və qızı Məleykənin ("OCAQLI" tayfası) nəslinin nümayəndələri davam etdirir.


Miskin Abdalın yeganə oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi, Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndindən olan pedaqoq, jurnalist, şair, publisist, folklorşünas-tədqiqatçı alim Tofiq Hüseynzadədir (1946–2006). Tofiq Hüseynzadə ulu babası Miskin Abdal haqqında 2005-ci ildə "Səfəvilərin böyük övliyası — Miskin Abdal" kitabını nəşr etdirmişdir. 13.11.2006-cı ildə onun vəfatından sonra, 2017-ci ildə "Aşıq deyişmələrinin poetikası" dissertasiya işi monoqrafiya qismində nəşr olunmuşdur. 2018-ci ildə T. Hüseynzadənin "Xəyal cığırı" adlı 3 cildlik kitabı nəşr olunmuşdur. Bu kitaba onun 750-dən çox şeiri, hekayələri, hikmətli kəlamları, habelə, Sufizmin ən yüksək pillə və məqamlarını simvolizə edən "Miskin" və "Abdal" sufi-təsəvvüf anlayışlarının ədəbiyyatımızda ilk dəfə elmi əsaslandırılmış izahına həsr edilmiş, doktorluq dissertasiyası səviyyəsində yazdığı "Miskin Abdal — Qeyb Ərəni, Təsəvvüf Piri" elmi-tədqiqat əsəri daxil edilmişdir. Həmin əsər 2018-ci ildə ayrıca kitab şəklində yenidən nəşr olunmuşdur.


Tofiq Hüseynzadənin oğlu Avropa Uroloqlar Assosasiyasının üzvü, tanınmış uroloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müəllimi, dosent Rafiq Hüseynzadədir.


Gədəbəydə "Miskin Abdal" ədəbi məclisi yaradılmışdır.