İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan / İrevantv
28 May 2024
9

Qərbi Azərbaycan Xronikası: "Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb"



 

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.


Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qarabağ qazisi Bəxtiyar Əhmədov olub.


O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Basarkeçər rayonunun Sarıyaqub kəndindən danışıb. Bildirib ki, bu kənd ən qədim və tarixi yaşayış məntəqələrindən biridir. Kənd Şah İsmayıl Xətainin 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna - Miskin Abdala nəsilbənəsil pay kimi verilib. Həmin fərmanın əsli hazırda Goranboy rayonunun Qaradağlı kəndində "Miskin Abdal ocağı"nda saxlanılır.


B.Əhmədov deyib ki, İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından bir müddət sonra yerli qayda-qanunlara köklü dəyişikliyin edilməsi insanlar arasında böyük narazılıq doğurub. 1837-ci ildə Göyçə mahalının 30-dan çox kəndinin sakini üsyana qalxıb, çar məmurlarının tətbiq etdiyi qaydalara qarşı çıxıblar. Zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan tarixçi-alim söyləyib ki, son 200 il ərzində azərbaycanlılar ermənilərin çoxsaylı zülmünə məruz qalıblar. O, 1905, 1918-1920, 1948-1953-cü illərin deportasiya və soyqırımlarında azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığını, qırğınlara məruz qaldığını vurğulayıb.


Tarixçi-alim qeyd edib ki, təkcə 1918-1920-ci illərdə Göyçənin 84 kəndi dağıdılıb, əhalisi qovulub və qətlə yetirilib. Sovetlər birliyi dövründə də ermənilər əllərinə düşən hər fürsətdən azərbaycanlılara qarşı istifadə edib, yeni faciələrə yol açıblar. Azərbaycanlılar ata-baba yurdlarında daim ermənilərin təqib və təzyiqləri ilə üzləşiblər. B.Əhmədov vurğulayıb ki, 1988-ci ilin deportasiyasında Basarkeçər rayonunun 45 sakini faciəli şəkildə həlak olub. Onun sözlərinə görə, təksə Sarıyaqub kəndindən 1700 sakin zorla qovulub, əmlakını itirib.


AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin fəaliyyətinə toxunan B.Əhmədov diqqətə çatdırıb ki, şöbəyə cəlb olunan alimlər Cəbi Bəhramovun rəhbərliyi altında Qərbi Azərbaycanın bütün sahələrini əhatə edən tədqiqatlar aparırlar. O, bu çərçivədə "Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar: XX əsr" kitabını nəşr etdirdiyini dilə gətirib.


Bir zamanlar özünün də iştirakçısı olduğu, ağır yaralandığı Qarabağ müharibəsinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Qələbəsi ilə başa çatdığını, ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunduğunu diqqətə çatdıran tarixçi-alim, qalib ölkənin vətəndaşı, qalib xalqın nümayəndəsi olmağı ilə fəxr etdiyini söyləyib. Bildirib ki, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtdığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da tarixi torpaqlarımıza dönəcəyi günü səbirsizliklə gözləyirlər.


Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.


Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Ətraflı Baku TV-nin süjetində: