İrevan Tv
CANLI TV

Cəmiyyət
17 İyun 2024
3

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır



 

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.


AZƏRTAC xatırladır ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.


Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.


Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.


Hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Ölkədə səhiyyə sektorunun inkişafı ilə bağlı aparılan islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir.


Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən, son illər səhiyyədə aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.


Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il 9-u Bakı şəhərində, 12-si regionlarda olmaqla ümumilikdə 21 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb, 13 tibb müəssisəsində təmir-tikinti işləri başa çatdırılıb.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Buzovnada yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi Vətən müharibəsi iştirakçılarının istifadəsinə verilib. 2023-cü ildə 1 570 müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunub.


Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır. Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 "Psixoloji Yardım Mərkəzi"ndə (2-si Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir: Psixi Sağlamlıq Mərkəzində və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında) psixoloji yardımın göstərilməsi davam etdirilib.


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində "Müharibə veteranları və şəhid ailələri ilə əlaqələndirmə" şöbəsi və "Çağrı Mərkəzi" (9109 qısa nömrəsi) yaradılıb. Əsas məqsəd müharibə iştirakçıları və şəhid ailələri ilə aktiv və müraciət əsaslı kommunikasiyanın qurulması, həmin kateqoriyadan olanların psixoloji vəziyyətinin mütəmadi nəzarətdə saxlanılması, Səhiyyə Nazirliyinin birbaşa səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və izlənilməsi, ümumilikdə bu sahədə dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən vətəndaş məmnunluğunun artırılmasının təmin edilməsidir.


Hər il olduğu kimi, 2023-cü il ərzində də respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində məqsədyönlü profilaktik tədbirlər həyata keçirilib.


Nazirlər Kabinetinin 20 iyun 2023-cü il tarixli 508S nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2023-27-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"na əsasən, yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri davam etdirilib.


Həyata keçirilmiş genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2023-cü ildən etibarən ölkədə malyariyanın yerli yoluxma halları baş vermir.


Səhiyyə Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilib. Ölkə səviyyəsində COVID-19 xəstəliyi ilə bağlı risklərin qiymətləndirilməsi, epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, epidemioloji təhlilin aparılması, xəstələrin izlənilməsi və vaksinasiya tədbirlərinin idarə olunması nazirliyin sanitariya-epidemioloji xidməti tərəfindən həyata keçirilir.


2023-cü il ərzində təşkilati, sanitariya-gigiyenik və əks-epidemik tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin içməli su təchizatı, yaşayış məntəqələrinin sanitariya təmizlik vəziyyətinə, istirahət-çimərlik zonalarının yay mövsümünə hazırlıq vəziyyətinə, məcburi köçkünlərin yaşayış yerlərində sanitariya-gigiyena və əks-epidemik rejimin gözlənilməsi vəziyyətinə nəzarət işləri mütəmadi olaraq davam etdirilib.


Əhalinin həyat tərzinin milli xüsusiyyətləri nəzərə alınmaqla, içməli sudan səmərəli istifadə edilməsi, məişətdə gigiyenik tələblərin gözlənilməsi, sabunla əl yuma, bərk və maye tullantılarının kənarlaşdırılması zamanı ətraf mühitin qorunması ilə əlaqədar gigiyenik biliklərin artırılması üçün sanitariya-maarifləndirmə işləri həyata keçirilib.


"Heydər Əliyev: Səhiyyəmizin beynəlxalq müstəvidə tanınmasına gedən yol"a həsr olunmuş "Kardiologiyanın aktual problemləri" elmi konqresi, "Təbabətin aktual problemləri" beynəlxalq elmi-praktik konfransı, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin 2-ci beynəlxalq konqresi, Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu, 6-cı Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi, Bakı Ürək Günləri 8-ci Beynəlxalq konqresi, 6-cı Azərbaycan-Alman Türk Tibb Konqresi və s. kimi beynəlxalq səviyyəli tədbirlər keçirilib.


Ötən il oktyabrın 2-9-da Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası təşkil edilib. Tədbir çərçivəsində minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya, transplantologiya, travmatologiya və ortopediya üzrə birgə yüksək texnologiyalı əməliyyatlar aparılaraq ustad təlimlər (master-klas) verilib. Bunun davamı olaraq, hər iki ölkənin səhiyyə nazirlərinin iştirakı ilə oktyabrın 11-də səhiyyənin rəqəmsallaşması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq məsələlərinə dair Özbəkistan-Azərbaycan səhiyyə forumu təşkil edilib.


Noyabrın 13-18-də Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya səfəri zamanı ölkələrimiz arasında səhiyyə, tibb elmi, əczaçılıq və tibbi texnologiyalar sahəsində əməkdaşlığı ehtiva edən "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" səhiyyə nazirləri tərəfindən imzalanıb.


Son illər Səhiyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə və s. istiqamətlərdə mühüm addımlar atılıb. Bundan əlavə, işğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.


Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Son üç ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.


Prezident, müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Həmçinin, TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.


Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.