İrevan Tv
CANLI TV

Siyasət
28 May 2024
2

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir



 

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


President.az xəbər verir ki, məktubda deyilir:


"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi, həmçinin ölkənizə və xalqınıza sülh və firavanlıq arzularımı çatdırım.


Şadam ki, Latviya ilə Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlər mövcuddur, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə uğurlu əməkdaşlıq inkişaf etmişdir. Mən Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini, müsbət gündəm və Avropa İttifaqı-Azərbaycan dialoqunun iqtisadi əməkdaşlıq, regional sabitlik baxımından gətirə biləcəyi faydalarla bağlı birgə fəaliyyətin davam etdirilməsinin önəmini vurğulayıram. Bu baxımdan mən Sizin Cənubi Qafqazda davamlı sülhə nail olmaq istiqamətində səylərinizi alqışlayıram.


Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvətinizi qəbul etməkdən böyük məmnunluq duyuram. COP29 zamanı Sizinlə görüşmək imkanı olsa minnətdar olardım. Əminəm ki, COP29 uğurlu olacaq və iqlimlə bağlı fəaliyyətlərə təkan verəcək.


Bu il biz Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və mən qəti şəkildə inanıram ki, bu yubiley əlaqələrimizin müsbət dinamikasını daha da möhkəmləndirəcək. Bu baxımdan mən bu il Sizinlə Latviyada görüşməyimizi səbirsizliklə gözləyirəm.


Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, güc-qüvvət və məsul vəzifənizdə uğurlar arzulayıram".


Həmçinin, TÜRKSOY-un Baş katibi Sultan Raev də dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:


"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.


Zati-alinizin müdrik və ardıcıl siyasəti nəticəsində Azərbaycan Respublikası bütün əraziləri üzərində tam hüquqi nəzarəti bərpa edərək regionda sülhün və əmin-amanlığın təminatçısına çevrilmişdir.


TÜRKSOY ortaq türk mədəniyyətinin inkişafına yönəlik beynəlxalq fəaliyyətində Sizin dəstəyinizi daim hiss edir, Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri yüksək qiymətləndirir.


Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-a göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram".


12:33

Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"İcazə verin, Sizə Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Mən şadam ki, son illər ölkələrimiz arasında qarşılıqlı hörmət və minnətdarlığa əsaslanan çoxşaxəli əməkdaşlıq inkişaf edib. Macarıstan Azərbaycanla dostluq əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız çox gözəl əsas yaradır.

Sizi əmin edə bilərəm ki, mən çoxşaxəli siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə sadiqəm. Ümid edirəm ki, gələcəkdə bizim ümumi məsələlərlə bağlı şəxsən fikir mübadiləsi aparmaq imkanımız olacaq.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".


12:29

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Dost Azərbaycan xalqı milli bayramını qeyd etdiyi gündə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bakı ilə Roma arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri məni çox məmnun edir. Bu əlaqələr ikitərəfli səviyyədə inkişaf edərək Rusiya-Ukrayna müharibəsi və Orta Şərqdə gərginliyin artması ilə xarakterizə olunan hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, bu möhkəm əsaslarla ölkələrimiz strateji tərəfdaşlığı gücləndirmək, maraq doğuran bir çox sahələrdə onu zənginləşdirən yeni təşəbbüslər irəli sürmək üçün birgə fəaliyyətini davam etdirəcək.

Mən bir daha təsdiq edirəm ki, İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə, o cümlədən regional sabitlik, əlaqələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun intensivləşməsinə qətiyyətlə dəstək verməyə davam edəcək.

Cənab Prezident, sentyabr ayında Sizinlə Kuirinaledə yenidən görüşəcəyimə ümidvaram.

Sizə və bütün həmvətənlərinizə İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram".


12:27

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikası ildən-ilə öz müstəqilliyini, suverenliyini, regiondakı yerini möhkəmləndirir, beynəlxalq aləmdə daha fəal rol oynayır.

Bu gün Azərbaycan regional tərəqqinin və beynəlxalq əməkdaşlığın mühərriki olmaqla ən dinamik və inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan, həmçinin bütün dünyada sülh, təhlükəsizlik, sabitlik, eləcə də qarşılıqlı anlaşma və tolerantlığın tərəfdarıdır.

Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrin şanlı Qələbəsindən sonra bu bayram ilk dəfə olaraq suveren Azərbaycan Respublikasının bütün ərazisində qeyd edilir. İşğaldan azad edilmiş torpaqların miqyasına və sürətinə görə misli görünməmiş şəkildə bərpası və yenidən qurulması, abadlaşdırılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması proqramı həyata keçirilir.

Paralel olaraq, ölkə regionda beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasına qətiyyətlə sadiqdir. Biz səmimi-qəlbdən inanırıq ki, sülh regionun böyük əməkdaşlıq və tərəqqi potensialını üzə çıxararaq yeni era açacaqdır.

Azərbaycan özünü və regionu Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən yeni münasibətlər arxitekturasının ən mühüm tərkib hissəsi hesab edərək, cari regional layihələrin həyata keçirilməsi və yeni layihələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəmir.

Azərbaycanın fəal siyasəti və dünya miqyasında artan rolu da geniş şəkildə qəbul edilir. Qoşulmama Hərəkatının aparıcı üzvü kimi ölkə ədalətli və daha yaxşı dünyaya can atan, bir çox dövlətlərin maraqlarını əks etdirən gündəlik irəli sürür. Azərbaycan davamlı inkişaf üçün yaşıl gündəliyi təşviq edən və həyata keçirən aparıcı dövlətlər sırasındadır. Bu il Azərbaycan Ümumdünya İqlim Sammitinə - COP29-a ev sahibliyi edəcək. Ölkə zəngin ənənələrinə əsaslanaraq mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın, tolerantlığın və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş mühüm qlobal təşəbbüslərə də rəhbərlik edir.

Biz Azərbaycanın GUAM-ın təsisçi üzvü kimi dost ölkələrimiz arasında əməkdaşlığın qurulmasında rolunu yüksək qiymətləndiririk. GUAM-ın sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq etmək üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Biz strateji əhəmiyyəti getdikcə artan regionumuzda əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizə ölkənin daha da inkişafına, müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq".


09:13

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.

Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Həmçinin, Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb:

"Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ölkənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.

Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.

İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".