İrevan Tv
CANLI TV

İdman
13 Avqust 2024
5

Qaşım Maqomedov: "Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm"



 

"Təəssüratım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil".


Oxu.Az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.


"Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq. İdman mənim həyatımdır. Çoxdandır, taekvondoda olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır, buradayam. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm", - Q.Maqomedov əlavə edib.


Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan yeddi medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.