İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan / İrevantv
01 İyun 2024
0

Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, yaxşı işi sizə yox, özümüzünkülərə verərəm"



 

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.


"Göy məsciddə namaz qılanda ermənilər bizə daş atırdılar" adlı veriliş 90 yaşlı İrəvan şəhər sakini Rəfiqə Məmmədovanın həyat hekayəsinə həsr olunub.


O, uşaqlıq, orta məktəb illərindən, İrəvan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyat yoldaşı ilə Dərələyəz rayonunun Qovuşuq kəndində 10 illik məktəbdə üç il işlədiyini, yenidən İrəvan şəhərinə qayıtdıqlarını, işlə təmin edilmədiklərini deyib: "Biz nazirliyə getdik dedik ki, bizə iş verin, işləyək. Nazir bizə baxdı və çox qeyzlə dedi ki, siz azərbaycanlısınız, sizə iş vermərəm. Çünki o işi mən elə öz ermənilərimə verərəm. Yaxşısı budur ki, başınızın çarəsini qılın və öz yerinizə, yurdunuza çıxın gedin".


Onun sözlərinə görə, məktəb illərində Dərələyəz, Dərəçiçək, Göyçə mahallarına istirahətə getdiklərini, o illərin çox gözəl keçdiyini söyləyib: "Ancaq orada azğın ermənilər öz mənfur sifətləri ilə bizə orada yaşamağa icazə vermədilər. Böyük sahədə bağımız var idi, ucu-bucağı görünmürdü. Gəldilər həmin bağın bir yanını sökdülər və iki dərə arasından körpü saldılar, adını da Razdan qoydular. Bizim bütün torpaqlarımızı əlimizdən aldılar. Ermənidili müəllimimiz var idi, bizi heç sevmirdi, qiymətimizi kəsirdi, ədavət aparırdı. Su gətirəndə erməni uşaqlar yerdəki palçığı, daşı, çör-çöpü suyun içinə tökürdülər".


R.Məmmədova ata-anasının və özünün şahidi olduğu erməni məkrliyindən də danışıb: "Atam həmişə ermənilərin azğınlığından, onların törətdiyi vəhşiliklərdən danışırdı. Anam deyirdi ki, 1918-ci ildə ermənilər bizim camaatımızı diri-diri torpağın altına basdırıb üstünü örtüblər. Erməni qadın türkcə danışdığımız üçün məni və əmim oğlunu tramvaydan düşürdü, dedi ki, türkcə danışanların səsini eşitmək istəmirəm. Ermənilər İrəvanda bütün adları dəyişib öz adlarını qoyurdular. Göy məsciddə namaz qılanda ermənilər bizə daş atırdılar".


R.Məmmədova Vətən həsrəti ilə yaşadığını, qədim İrəvanı hər zaman yuxuda gördüyünü vurğulayıb: "Vaxt gələcək biz öz İrəvanımıza, öz evimizə gedəcəyik. Mənim 90 yaşım var, yenə də doğma İravanıma getməyi çox arzulayıram. İrəvana getsəm, oranı qarış-qarış gəzəcəyəm. Cavanlarımız arzu edirlər ki, İrəvana getsinlər, oranı Azərbaycan məkanı kimi yenə düzəltsinlər".


Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.


Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Ətraflı süjetdə: