İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan / İrevantv
04 İyun 2024
0

Qərbi Azərbaycan Xronikası: "Nəslimizə "qolçomaq" damğası vurub sürgün ediblər"



 

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.


Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov olub.


O, ata-baba yurdu Göyçə və Dərələyəz mahallarından söhbət açıb.


Müsahib bildirib ki, valideynləri ötən əsrin ikinci yarısında Qərbi Azərbaycandan deportasiya olunub, indiki Şirvan, Salyan rayonlarının ərazisində məskunlaşmağa məhkum ediliblər. Qeyd edib ki, vaxtilə babasının hektarlarla torpaq sahəsi, saysız-hesabsız iribuynuzlu və xırdabuynuzlu heyvan sürüləri olub. Sovet hökuməti qurulan illərdə könüllü şəkildə onları kolxoz və sovxoza təhvil verib. Buna rəğmən, onun nəslinə "qolçomaq" damğası vurub sürgünə, təqibə məruz qoyublar. ATXƏM sədri deyib ki, baba və nənələri, valideynləri yurd həsrəti, Vətən nisgili ilə dünyalarını dəyişiblər.


Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilərin törətdiyi soyqırımından danışan İ.İsmayılov babasının bu qırğınlara qarşı təşkil olunmuş müqavimət, müdafiə dəstəsində yer aldığını dilə gətirib. Vurğulayıb ki, erməni daşnaklarına qarşı döyüşlərdə göstərdiyi şücaətə görə babası Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa tərəfindən mükafatlandırılıb. O, ermənilərin Qafqazda ən böyük qırğınları məhz Qərbi Azərbaycanda törətdiyini diqqətə çatdırıb. Söyləyib ki, ermənilər azərbaycanlıların evlərini dağıdıb, kəndlərini viran qoyublar. Qafqaz İslam Ordusu azərbaycanlıların köməyinə çatmaqla bu qırğınların, talanların qarşısını alıb.


İ.İsmayılov erməni millətçilərinin sovet hakimiyyəti illərində də böyük faciələrə yol açdıqlarını bildirib. Qeyd edib ki, bu faciələrin kulminasiya nöqtəsi 1988-ci ilin deportasiyası olub. Bununla ermənilər Qərbi Azərbaycandakı bütün soydaşlarımızı öz ata-baba yurdundan didərgin salıb, mono-etnik bir respublika yaratmağa nail olublar. "Dənizdən dənizə böyük Ermənistan" ideologiyası ilə zəhərlənən ermənilər o illərdə azərbaycanlıların dinc şəkildə ölkəni tərk etməsinə də imkan yaratmayıblar. Zorla köçürülən azərbaycanlıların karvanları erməni yaraqlılarının hücumlarına məruz qalıb. Bir çox hallarda dinc insanlara mənəvi-fiziki işgəncələr verilib, onlar günahsız yerə qətlə yetiriliblər.


ATXƏM sədri qeyd edib ki, üzləşdikləri çətinliklərə, başlarına gətirilən faciələrə baxmayaraq, Qərbi azərbaycanlılar tarixi torpaqlarımız uğrunda mübarizəni nəsildən-nəsilə ötürüblər. O, rəhbərlik etdiyi təşkilatın da Qərbi Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdığını, bu məqsədlə Avropa ölkələrində silsilə tədbirlər keçirdiyini vurğulayıb. Deyib ki, hazırda xaricdə yaşayan, vaxtilə deportasiyaya məruz qalan soydaşlarımızda mübarizə əzmi böyükdür. İ.İsmayılov bütün Qərbi azərbaycanlıların dinc yolla ata-baba yurdlarına qayıtmaq istədiyini dilə gətirib.


Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.


Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Ətraflı Baku TV-nin süjetində: