İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan / İrevantv
13 İyul 2024
3

Xronika: "Soyuq qış günü hərbçilər dedilər ki, səhər saat 6-da buranı tərk etməlisiniz"



 

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.


"Bizim təhsil və idman uğurlarımızı hayların gözü götürmürdü" adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Arçut kənd sakini Əflatun Məmmədovun həyat hekayəsinə həsr olunub.


O, uşaqlıq, orta məktəb illərindən, kənd həyatından söz açıb: "Kəndlə bağlı xatirələrimiz çox əzizdir, bizim üçün çox doğmadır. Yayı, yazı, payızı, qışı özünəməxsus idi. Ucqar Böyük Qarakilisənin Arçut kəndində adət-ənənələri, elin gözəl dəyərlərini, mənəvi keyfiyyətlərini yaşatmaq özü bir müqəddəs amal idi. Biz üç-dörd min əhalisi olan Arçud kəndində maraqlı həyat tərzi keçirirdik".


Onun sözlərinə görə, rayonlararası olimpiadalarda, idman yarışlarında ermənilərin bizə qarşı çirkin niyyətləri, yuxarıdan aşağı baxmaları xatirələrimdən çıxmır: "Böyük Qarakilsədə iri stadion var idi. Biz orada çoxnövlük, yüngül atletika yarışlarına cəlb olunmuşduq, yaxşı nəticələr göstərmişdik. Bizim idman yarışında iştirak edənləri ermənilər əhatəyə aldılar. Kəndə gedən avtobusumuzu devirməyə çalışdılar. Onlar bizim müvəffəqiyyəti, göstəricilərimizi narahatlıqla qarşılayırdılar, gözləri götürmürdü. Onların bu niyyəti, ikilistandartı, bizə qarşı yönlənən xəbis, riyakar, çirkin bu əməlləri 1988-ci il deportasiyası ilə nəticələndi".


Ermənilərin içində yaşamağın çox çətin olduğunu deyən Ə.Məmmədov bildirib ki, camaatın, sakinlərin hüquqları tapdanırdı: "Orada həyatımızı sürdürmək üçün mümkün olan davranışı, hərəkətləri edirdik ki, təhlükəsiz yaşayaq. Fəqət, bu həyat çox da sürmədi. Kəndin məşəqqətli günləri başladı, artıq deportasiya illərini yaşamağa məhkum edildik. 1988-ci ilin Hamamlı, Spitak deyilən zəlzələsi bizim qurtuluşumuz oldu".


O, 6 nəfərlik ailə üzvünün anasının himayəsində çətin günlərdən keçdiyini vurğulayıb: "Spitak zəlzələsindən sonra mən Bakıdan Qazaxa gəldim. Kənddə komendant saatı idi. Bizi hərbçilər qarşıladılar və konkret vaxt verdilər ki, səhər saat 6-da çıxmalısınız. Biz də axşam saat 7-də gəlib çıxmışıq. Soyuq qış günü zəlzələ olmuşdu. Biz 1988-ci il dekabrın 8-də, zəlzələdən sonra bir-iki gün içində çıxdıq. Biz hamımız "KamAZ" markalı yük maşını ilə Qazaxa, oradan da Bakıya gəldik".


Arçut sakini 1918-ci illərdə yaşanan Vartana vəhşəti zamanı ermənilərin qoca, cavan, üşaq, körpə, hamilə qadınları məscidə yığıb yandırdığını, 1918-ci ildəki ilk deportasiyada qaçqın, köçkün düşənlərin Türkiyəyə qaçdığını, Arpa çayını keçən zaman insanların çaya düşüb boğulduğunu və xeyli itkinin olduğunu söyləyib.


O, sonda vurğulayıb ki, ora ilə bağlı keçmişimiz, dəyərlərimiz bizi Qərbi Azərbacana hər vəchlə səsləyir: "Biz ona görə qayıtmalıyıq ki, o torpağın sahibi bizik. Əzəli dədə-baba torpağımızdır. Orada mənim babamın qəbri var. Torpaq babaların ruhudur, ulularımızın bizə mirasıdır. Biz tez-gec o torpağa qayıdacağıq".


Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.


Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Ətraflı Baku TV-nin süjetində: